Geri qayıt

19 03 2018

Daxili Qoşunların Baş İdarəsində bir qrup hərbi qulluqçuya mükafatların təqdimolunma mərasimi keçirilib

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 26-cı ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə qoşunların bir qrup hərbi qulluqçusu mükafatlandırılıb. Bu münasibətlə martın 19-da Daxili Qoşunların Baş İdarəsində mükafatların təqdimolunma mərasimi keçirilib. 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş hərbi qulluqçularımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Nümunəvi göstərici hərbi oskestrin müşayiəti ilə Dövlət himni ifa edilib.

  
  
Sonra Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Ş.Məmmədov mükafatları şəhid hərbi qulluqçuların ailə üzvlərinə və hərbi qulluqçulara təqdim edib.

Ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunan şəhid hərbi qulluqçular leytenant Yusif Qasımovun anası Xanım Qasımova, əsgər Vüqar Abutalıbovun atası Elman Abutalıbov şəhid ailələrinə yüksək dövlət qayğısı göstərildiyinə görə Respublika Prezidentinə və Daxili İşlər Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirərək, Daxili Qoşunların şəxsi heyətinə xidmətdə uğurlar arzulayıb.

Sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunan və “Əməkdar həkim” fəxri adı verilmiş hərbi qulluqçulara mükafatlar təqdim olunub.

Tədbirin sonunda çıxış edən general-leytenant Ş.Məmmədov təltif olunan şəhid ailələrinin üzvlərini və hərbi qulluqçuları təbrik edərək, onların mükafatlandırılmasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Daxili Qoşunlara olan diqqətinin təzahürü olduğunu qeyd edib. Daxili Qoşunlar Komandanı əminliklə bildirib ki, şəxsi heyət bundan sonra da göstərilən etimadı doğruldacaq, qanunla müəyyən edilmiş vəzifələri və qarşıya qoyulmuş tapşırıqları layiqincə yerinə yetirəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 9 mart 2018-ci il tarixli sərəncamı ilə ümumilikdə, Daxili Qoşunlarının hərbi qulluqçularından 2 nəfər hərbi qulluqçu "İgidliyə görə" (ölümündən sonra), 14 nəfər hərbi qulluqçu "Hərbi xidmətlərə görə" medalı  ilə təltif edilib, 1 nəfər hərbi qulluqçuya “Əməkdar həkim” fəxri adı verilib.