Geri qayıt
16 04 2024
Daxili Qoşunların Hərbi Şurasının növbəti iclası keçirilib
Aprelin 16-da Daxili Qoşunların Baş İdarəsində “Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti haqqında” Hərbi Şuranın iclası keçirilib.
İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti, tərbiyə işinin təşkili, qanunçuluğun möhkəmləndirilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr döyüş hazırlığının artırılmasında əsas aspektlərdən biridir.
İclası giriş sözü ilə açan Hərbi Şuranın sədri, daxili işlər nazirinin müavini - daxili qoşunların komandanı general-leytenant Şahin Məmmədov qeyd edib ki, Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti, tərbiyə işinin təşkili, qanunçuluğun möhkəmləndirilməsi üzrə fəaliyyətin nəticələri və qarşıda duran vəzifələr döyüş hazırlığının artırılmasında əsas aspektlərdən biridir.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Silahlı Qüvvələrin inkişafı uğurla davam etdirilmiş, müstəqil Azərbaycan Respublikası dövlət quruculuğu istiqamətində əldə edilən nailiyyətləri ilə regionun aparıcı dövlətinə çevrilmişdir.
General-leytenant Şahin Məmmədov iclasın gündəliyini elan etdikdən sonra Daxili Qoşunlarda hərbi intizamın vəziyyəti barədə daxili qoşunlar komandanının müavini - şəxsi heyət üzrə idarənin rəisi general-mayor İnqilab Muradov məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti hər zaman olduğu kimi dövlətə, dövlətçiliyə sadiq qalaraq respublikada, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə, bütövlükdə qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqlarının icrasında yüksək hərbi intizam və peşəkarlıq nümayiş etdirib.
Qeyd edilib ki, şəxsi heyətlə tərbiyə işi qanunçuluğun və hərbi intizamın möhkəmlənməsinə, qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə, hərbi qulluqçuların Azərbaycan Respublikasının qanunlarına sözsüz əməl edilməsi ruhunda tərbiyə olunmasına və sağlam mənəvi-psixoloji mühitin yaradılmasına yönəlib. Bu məqsədlə hərbi hissələrdə keçirilən tərbiyə işi tədbirləri nəzarətə götürülüb, hərbi intizamın vəziyyəti üzrə təhlillər aparılıb, fəaliyyət istiqamətləri üzrə müvafiq tövsiyələr verilib.
Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı tarixi qələbənin əhəmiyyəti və antiterror tədbirlərinin mahiyyəti şəxsi heyət arasında geniş təbliğ edilib.
Bununla yanaşı, Daxili Qoşunlarda cinayət, hadisə və kobud intizam pozuntularına yol verilməməsi, neqativ halların vaxtında qarşısının alınması məqsədilə müvafiq göstərişlərin hazırlanaraq hərbi hissələrə göndərildiyi və icrasının nəzarətdə saxlanıldığı vurğulanıb.
Məruzəçi əlavə olaraq bildirib ki, respublikada baş verən ictimai-siyasi hadisələr, dövlət səviyyəli tədbirlər daim diqqət mərkəzində saxlanılıb, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq ideologiyasının və zəngin siyasi irsinin öyrənilməsi təmin edilib, mühüm tədbirlərdə və yekunlarda dövlət başçısının çıxışları ictimai-siyasi hazırlıq məşğələlərində və digər tərbiyə işi tədbirlərində geniş istifadə olunub.
Məruzədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş aidiyyəti dövlət proqramlarının tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə bağlı şəxsi heyət arasında maarifləndirmə işinin aparıldığı, gənclərin mənəvi-psixoloji durumunun yüksəldilməsi, sağlam həyat tərzi keçirmələri, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə təbliğat işinin gücləndirildiyi bildirilib.
Çıxışının sonunda general-mayor İ.Muradov Daxili Qoşunların şəxsi heyətinin fəaliyyət istiqamətləri üzrə nailiyyətlərin əldə olunması və mövcud nöqsanların aradan qaldırılmasına qətiyyətlə çalışacağına, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə daha məsuliyyətlə yanaşacağına əminliyini ifadə edib.
Daha sonra mövcud vəziyyət, fəaliyyətdə qazanılmış nailiyyətlər, eləcə də yol verilmiş nöqsan və çatışmazlıqların yaranma səbəbləri, onların aradan qaldırılması istiqamətində görülən işlər barədə Baş İdarənin bir sıra idarə, şöbə rəisləri, hərbi hissə komandirlərinin və onların tərbiyə işləri üzrə müavinlərinin hesabat-çıxışları dinlənilib.
İclasa yekun vuran general-leytenant Ş.Məmmədov aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verərək, Daxili Qoşunların şəxsi heyətinin bundan sonra da xalqa və dövlətə sadiqliyini nümayiş etdirərək ləyaqətlə xidmət edəcəyinə, həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısına cavab olaraq, daxili işlər nazirinin əmr və göstərişlərindən irəli gələn vəzifələri layiqincə yerinə yetirəcəyinə, polis orqanlarının əməkdaşları ilə birgə ölkədə ictimai asayişin və sabitliyin keşiyində mətinliklə dayanacağına əminliyini ifadə edib, hərbi qulluqçulara fəaliyyətlərində uğurlar arzulayıb.